Your Bag

Şərab növləri - 5 əsas şərab növü

Şərab növləri - 5 əsas şərab növü
12 Dec, 2020

Şərabı şərab edən 4 əsas amil
Şərab istehsal zamanı mayanın üzümün tərkibindəki şəkəri etanol, karbon dioksid və istiliyə çevirməsi ilə əldə edilir.

Şərab növləri arasındakı fərqi başa düşmək üçün ilk növbədə gəlin şərabları xarakterizə edən bəzi xüsusiyyətlərlə tanış olaq.

Həcm

Həcminə görə şərablar 3 hissəyə bölünür: yüngül, orta və ağır.

Yüngül həcmli şərabları içmək daha rahat olur. Bu cür həmcli şərablar su kimi olur da deyə bilərik. Yüngül həcmli şərabların alkoqol göstəricisi əsasən 12.5%-dən aşağı olur. Bucür şərablar yüngül yeməklərlə daha yaxşı içilir.

Ağır həcmli şərablar daha ağır, daha tünd dadlı və kəskin aromalı olur. Ağır həcmli şərabların nisbətən uzun müddət ərzində, qurtum-qurtum içilməsi nəzərdə tutulur. Alkoqol göstəricisi isə əsasən 13.5 %-dən yuxarı olur.

Orta həcmli şərablar adından da göründüyü kimi yüngül və ağır həcm arasında bir yerə düşür. Onların alkoqol göstəriciləri 12.5-13.5% arasında olur.


Tannin

Tannin bir sıra bitkilərdə (üzüm, çay və s.) təbii şəkildə mövcud olan bir maddədir. Fermentasiya zamanı üzüm qabığının üzüm şirəsində saxlanılması nəticəsində tannin əmələ gəlir. Tanninin dadı acı, ağızbüzən olur. Tünd qara çay içdikdən sonra dilinizə hopan acılıq, ağzınızın quruluğu məhz çayın tərkibində olan tannindən yaranır. Aşağı tanninli şərablar daha rahat içilir, daha az ağızbüzən olur.

Tannin maddəsi həmçinin şərabını yaşlanması üçün də şərait yaradır. Tannin tərkibi bol olan qırmızı şərablar daha uzun müddət yaşlandırıla bilir.


Asidlik

Limonad içərkən azacıq ağzınızı büzən, sizdə yenidən bir qurtum içmək istəyi yaradan, bir o qədər də təravətləndirici dad limonadın tərkibində olan asid turşularından gəlir. Oxşar dada şərab içərkən də rastlaşa bilərsiniz və bu ağ şərabları digərlərindən fərqləndirən əsas xüsusiyyətlərdən biridir.


Şirinlik

İzaha ehtiyac olmayan xüsusiyyətlərdən biri də şərabların şirinlilik dərəcəsidir. Şərab şüşələrinin üzərində şirinin əksi olaraq acı (bitter) deyil, quru (dry) yazılır. Bundan başqa kəmşirin (semi-sweet), kəmturş (semi-dry) növlər də olur.


Şərab növləri

Şərabı şərab edən xüsusiyyətlərlə tanış olduğumuza görə artıq şərab növlərinə keçid edə bilərik. Şərablar əsasən 5 növə bölünür:

1 – Ağ şərab

2 – Qırmızı şərab

3 – Çəhrayı şərab (Rose)

4 – Qazlı şərab

5 – Desert şərabı


Ağ şərab

Hər kəs tərəfindən bilinənin əksinə ağ şərablar yalnız ağ üzümlərdən hazırlanmır. İstənilən növ üzümün şirəsi rəngsiz olduğu üçün ağ şərablar həm ağ, həm də qara üzümlərdən hazırlana bilir. Şəraba rəngini verən üzümün qabığındakı rəng piqmentləri olduğu üçün, ağ şərab hazırlanarkən üzümləri qabıqlarını soyduqdan sonra istifadə edirlər. Ağ şərabı xarakterizə edən təravətləndirici dad şərabın tərkibində olan asid turşularından alınır. Bu növ şərablarda tannin olmur.

Ağ şərabın, əsasən, yüngül ət və balıq məhsulları, pendir, ağ çörək, salatla içilməsi tövsiyə edilir.

PS: Şərab növlərinin sonunda qeyd etdiyim çeşidlərin yazılma ardıcıllığı ən geniş yayılmış, ən məşhurundan daha az tanınmışa doğrudur. Məsələn, Chardonnay ağ növ şərablar arasında ən geniş yayılanıdır.

PS 2: Mörtərizədə qeyd etdiyim ölkələr isə sadəcə həmin növ şərabın mənşəyinin (cari yayılma arealı bununla məhdudlaşmır) hara olmasını göstərir. Məsələn, klassik qırmızı şərab növü olan Cabernet Sauvignonun mənşəyi Fransa olsa da, o həmçinin ABŞ və Çili də yetişdirilir.

Chardonnay* (Burqundiya,Fransa), Sauvignon Blanc (Loire vadisi, Fransa), Riesling (Rhine, Almaniya), Pinot Gris/Pinot Grigio* (Alsake, Fransa), Chenin Blanc (Loire vadisi, Fransa), Sémillon (Bordo,Fransa), Moscato (İtaliya) geniş yayılmış ağ şərab növlərindəndir.

*Chardonnay – “Ağ Burqundiya” olaraq da çağrılır.

*Pinot Gris – Şərab növü Fransada Pinot Gris, İtaliyada isə Pinot Grigio adlanır. Eyni üzüm sortundan hazırlansa da, ölkəyə görə dadlarında cüzi fərqlər sezilə bilir.


Qırmızı şərab

Qırmızı şərab istehsalı zamanı qara üzümlərdən istifadə edilir. Ağ şərabdan fərqli olaraq burada fermentasiya prosesi zamanı üzümün qabığı və çiyidləri də üzüm şirəsinə əlavə edilir və nəticədə qırmızı rəng alınır. Tünd aroma, tannin, qırmızı rəngi almaq üçün qırmızı şərablar digərlərinə nisbətdə daha yüksək tempuraturda fermentasiya edilir. Yüngül həcmli qırmızı şərablar toyuq əti, tərəvəz tərkibli yeməklərlə, ağır həcmli qırmızı şərablar isə ağır ət yeməkləri ilə ideal cütlük təşkil edir.

Cabernet Sauvignon* (Bordo, Fransa), Merlot (Bordo,Fransa), Syrah/Shiraz* (Rhone vadisi,Fransa), Pinot Noir* (Burqundiya,Fransa), Sangiovese (Tuskaniya, İtaliya), Zinfandel (Xorvatiya), Malbec (Fransa)* tövsiyə edilən qırmızı şərab növlərindəndir.

*Cabernet Sauvignon – “Qırmızı üzümlərin kralı” olaraq çağrılır.

*Syrah/Shiraz – Eyni növ şərab Fransada Syrah, Avstraliya və Cənubi Afrikada, eləcə də Azərbaycanda Şiraz olaraq bilinir.

*Pinot Noir – “Qırmızı Burqundiya” olaraq da bilinir.

*Malbec – mənşəyi Fransa olsa da, dünya üzrə ən çox Argentinada yetişdirildiyi üçün Argentina şərabı olaraq da bilinir.


Çəhrayı şərab (Rose)

Bu şərab növü qırmızı və ya qara üzümlərdən hazırlanır. Fermentasiya zamanı üzümün qabıqları qısa müddət sonra (12-36 saat) tərkibdən çıxarıldığı üçün şərabın rəngi qırmızı yox çəhrayı alınır. Az tannin tərkibli, həm turş, həm şirin növləri mövcuddur. Yüngül yeməklərlə və ya meyvəylə içilməsi tövsiyə edilir.

Pinot Noir (Burqundiya,Fransa), Zinfandel (Xorvatiya), Pinot Gris (Fransa), Sangiovese (Tuskaniya, İtaliya) məşhur çəhrayı şərab növlərindəndir.


Qazlı şərab

Sizə bir pis xəbərim var: hamımızın Şampan (Champagne) olaraq içdiyi şərablar əslində heç biri əsl Şampan deyil. Qazlı şərabla adı eyniləşən Şampan içkisi əslində qazlı şərabın növlərindən biridir. Şampan adlanmasının səbəbi isə istehsal olunduğu Fransanın Şampan regionun adı ilə bağlıdır. Bizim Şampan adı ilə aldığımız şərabların əksəriyyəti isə qazlı şərabın digər, daha ucuz növləridir. Bu növü qazlı edən isə təbii şəkildə yaranan və ya süni şəkildə fermentasiya zamanı əlavə edilən karbon dioksiddir. Qazlı şərablar istənilən növ üzümdən hazırlana, ağ, qırmızı və ya çəhrayı ola bilir.

Şampanla yanaşı Cava (İspaniya), Prosecco (İtaliya), Cremant (Fransa) da qazlı şərabın geniş yayılmış növlərindəndir.


Desert şərabı

Desert şərabı adlanan bu növə bəzən Şirin şərab da deyilir. Əsasən yeməkdən sonra desertlə içilən bu şirin şərab, bəzən də yeməkdən öncə iştahaçıcı (aperitif) olaraq içilir. Fermentasiya zamanı şəkər kontentini itirməməsi üçün bəzən əlavə alkoqol (əsasən “brandy”) əlavə edilə bilir. Bu sayədə şərabın tərkibindəki təbii şəkər qorunub saxlanılır.

Sherry (İspaniya), Port (Portuqaliya), Madeira (Portuqaliya), Marsala (Siciliya,İtaliya), Vermouth* (Turin,İtaliya) geniş yayılmış desert şərab növlərindəndir.

*Vermouth – Martini içkisinin hazırlanmasında da bu şərab növündən istifadə edilir.


Bəzi əlavə bilgilər

✓ Şərabın xüsusi çeşid olması üçün ən azı onun 75%-nin eyni növ üzümdən hazırlanması gərəkir. Məsələn şərab şüşəsinin üzərinə “Chardonnay” çeşidi yazılıbsa bu o deməkdi ki, həmin şərabın ən azı 3/4-ü “Chardonnay” üzüm çeşidindən hazırlanıb.

✓ Alkoqol kontenti 14% və ondan aşağı bütün şərab növləri ABŞ-da, eləcə də Azərbaycanda “süfrə şərabı”, Avropada isə “yüngül şərab” adlanır.

✓ Şərabı isti içilər yoxsa soyuq? Baxır şəraba.

Qırmızı şərablar soyuduqca tərkibində olan tannin şərabın dadını daha da acılaşdırmağa başlayır. Bu səbəbdən qırmızı şərabların otaq tempuraturunda içilməsi tövsiyə edilir.

Ağ və çəhrayı şərabların tərkibində tannin olmadığı üçün sərin şəkildə içiləndə daha yaxşı dada bilirlər. Lakin həddən artıq soyuq içmək də məsləhət görülmür – dadını hiss etmək çətinləşir.


Mənbə: Rəşad Mustafasoy